Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Sumqayıtda kitabxana işinin tarixi gənclər şəhərinin yaranma tarixi ilə üst-üstə düşür. 1949-cu ildə Azərbaycanın coğrafi xəritəsinə şəhər kimi adı yazılan Sumqayıtda zəhmətkeşlərin elmə, maariflənməyə olan ehtiyacını ödəmək üçün ilk kütləvi kitabxana da məhz bu ildə yarandı. Bunun dalınca 1953-cü ildə uşaq kitabxanası, 1958-ci ildə isə Mərkəzi şəhər kitabxanası fəaliyyətə başladı. 1974-cü ildən etibarən Sumqayıtda dövlət kütləvi kitabxanalarını özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Bu gün Sumqayıt şəhər MKS-ə 20 dövlət kitabxanası – S. Vurğun adına Mərkəzi kitabxana, 13 böyük, 1 gənclər, 4 uşaq kitabxanası və N.Gəncəvi adına uşaq kitabxana-klub daxildir. Uzun illər Sumqayıt şəhər MKS-ə şəhərimizdə kitabxana işinin təşkili və inkişafı sahəsində misilsiz xidmətləri olan Svetlana xanım Ağayeva rəhbərlik etmişdir. 2008-ci ildən isə bu sistem Yeganə xanım Əhmədovanın rəhbərliyi altında fəaliyyət göstərir. Əhalini fəal mütaliəyə cəlb etmək, siyasi, iqtisadi, hərbi durumumuzu, tariximizi, mədəniyyət və incəsənətimizi geniş oxucu kütlələri arasında təbliğ etmək məqsədilə MKS-də vaxtaşırı olaraq bir-birindən maraqlı tədbirlər keçirilir. Sistem kitabxanaları daha geniş oxucu kütlələrini kitabxanalara cəlb etmək məqsədilə öz işini Sumqayıt Dövlət Universiteti, Müəllimlər İnstitutu, Sumqayıt Texniki Kolleci, Ağsaqqallar və Veteranlar şurası, Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi, Sumqayıt Təhsil şöbəsi, Əli Kərim adına Poeziya klubu, Sumqayıt şəhər Mədəniyyət evi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, H. Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı və digər mədəni-maarif müəssisələri ilə əlaqəli həyata keçirir. Şəhər əhalisi və oxucular arasında apardığı gözəl təbliğatçılıq fəaliyyətinə görə respublika kitabxanaları arasında Sumqayıt şəhər MKS-in adı həmişə birincilər sırasında çəkilmişdir. Bu ənənə bu gün də davam edir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “İlin ən yaxşı kitabxanası”, “İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi”, “Ən yaxşı kitabxanaçı” və digər nominasiyalar üzrə müsabiqələrdə Sumqayıt şəhər MKS də iştirak etmiş və respublika kitabxanaları arasında “İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi” nominasiyasında 2010-cu ilin qalibi olmuşdur.