SumgaitLibrary

+994 186520087


Xatirə günü

11.01.2018-ci il tarixində Mərkəzi uşaq kitabxanasında yanvar ayında anadan olmuş Milli Qəhrəmanlardan Mübariz Əhmədov, Eldar Məmmədov, Muxtar Qasımov, Nizami Məmmədova həsr edilmiş “Ölməzlik qazananlar” adlı xatirə günü keçirildi. Tədbir ölümüylə ölümsüzlük qazanmış qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə çıxış edən kitabxananın multimedia mütəxəssisi Ramilə Fərəcullayeva öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti yolunda heç düşünmədən fəda etmiş sözügedən qəhrəmanların şərəfli həyat və döyüş yolları haqqında məlumat verdi. Sonra çıxış edən Texniki və Təbiət Elmləri liseyinin ingilis dili müəllimi Gülnaz Quliyeva məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, bildirdi ki, şəhidlərin xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca – şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Daha sonra çıxış edən 34 saylı məktəbin ingilis dili müəlliməsi İlahə İmanova bildirdi ki, tarix boyu Azərbaycanda dövlətçiliyimiz və torpaqlarımız uğrunda döyüşən qəhrəman oğullar yetişib, Azərbaycanın neçə-neçə igid, cəsur, qəhrəman övladları şəhidlik, qəhrəmanlıq zirvəsinə ucalıblar, öz soy-kökünə bağlı olaraq milli qeyrətlərini, şücaətlərini göstəriblər. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid Vətən övladlarımızın xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutularaq ehtiramla anılmış və anılmaqdadır. Çıxışlardan sonra İngilis dili Mərkəzinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş şeir və bayatılar dinlənildi. Sonda tədbir iştirakçıları Mübariz Əhmədov, Eldar Məmmədov, Muxtar Qasımov, Nizami Məmmədovun hər birinin qəhrəmanlıqlarla dolu həyat və döyüş yolundan bəhs edən videoçarx izlədilər.