SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

13.01.2018-ci il tarixində Mərkəzi uşaq kitabxanasında N.Tusi adına 12 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə dövrünün görkəmli ictimai xadimi, zadəgan-ziyalı zümrəsinin ən ünlü qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin 145 illik yubileyi münasibətilə “Nəsillərə örnək Azərbaycan qadını” adlı ədəbiyyat saatı keçirildi. Tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Qənimə Baqişova ilk olaraq əsrlər boyu böyük tarixin səhifələrində adı qızıl hərflərlə həkk olunmuş görkəmli qadınlarımız haqqında qısa məlumat verdi. Sonra o,1909-cu ildə oğlanlarla qızların birgə oxuduğu ilk məktəbin banisi, beynəlxalq konfransda məruzə edən ilk müsəlman qadın və böyük şair Mirzə Ələkbər Sabirin müalicə xərclərini öz üzərinə götürmüş tarixçi Əhməd bəy Cavanşirin qızı, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, maarifçi və xeyriyyəçi, tərcüməçi Həmidə xanım Cavanşir-Məmmədquluzadənin keşməkeşli həyat və fəaliyyəti haqqında danışdı. Daha sonra çıxış edən 12 nömrəli məktəbin kitabxana müdiri Fəridə Həsənova da Həmidə Məmmədquluzadənin ömür-gün yoldaşı, böyük satirik, ədib Cəlil Məmmədquluzadə ilə bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə aldığı “Mirzə Cəlil haqqında xatirələrim” kitabı haqqında qısa xülasə verdi. Sonda tədbir iştirakçıları mürəkkəb tarixi şəraitdə böyük qəhrəmanlıq, xeyriyyəçilik və maarifçilik nümunəsi olan Həmidə Məmmədquluzadənin həyat və fəaliyyətindən bəhs edən videofilmi izlədilər.