SumgaitLibrary

+994 186520087


İntellektual yarış

22.04.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 8 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olması ilə əlaqədar “Cümhuriyyət tariximiz qürurumuzdur” adlı intellektual yarış keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı. Azərbaycanın zəngin tarixinin öyrənilməsi, eyni zamanda, maarifləndirici yarışlara marağın artırılması məqsədilə keçirilən intellektual yarışda bilik yarışmasının sualları AzərTac-ın saytında “Cümhuriyyət – 100” rubrikasında yerləşdirilən məqalələr əsasında hazırlanmışdı. İştirakçılara kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova tərəfindən verilən suallar, eyni zamanda, monitorda slayd vasitəsilə müşayiət olunurdu. Yarışmanın turları “Tarix və hadisələr”, “Cümhuriyyət qurucuları”, “AXC dövründə elm, təhsil, səhiyyə və mədəniyyət”, “AXC və ordu quruculuğu”, “AXC və müstəqil Azərbaycan” mövzuları üzrə keçirildi. Maarifləndirici yarışda hər biri beş nəfərdən ibarət 4 komanda –“Cümhuriyyət”, “Hürriyyət”, “İstiqlaliyyət”, “Hümbət” komandaları iştirak etdi. Münsiflər heyəti tərəfindən bilik yarışmasının qalibi “Hürriyyət” komandası seçildi. Qaliblər müxtəlif hədiyyələr ilə mükafatlandırıldılar.