SumgaitLibrary

+994 186520087


Görüş

01.06.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 1 nömrəli və 16 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovla görüş keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi dünya kinomatoqrafiyası tarixində özünəməxsus yeri olan Azərbaycan kinosunun dünəni və bu günü arasındakı ötən 120 illik tarixi yolu haqqında qısa məlumat verdi. Sonra o, Xalq artisti Valeh Kərimovun kino tariximizdəki əvəzolunmaz yeri və rolu haqqında, eləcə də Sumqayıt Dövlət Dram Teatrında 45 il ərzində yaratdığı bənzərsiz, zəngin obrazlarından, yüksək peşəkarlığından, seçdiyi sənətə vurğunluğundan danışdı. Sonra Azərbaycan kinosunun şanlı tarixindən bəhs edən videoçarx nümayiş etdirildi. Tədbir Valeh Kərimovun çıxışı ilə davam etdi. Xalq artisti yaradıcılığına göstərilən yüksək diqqətə görə görüş iştirakçılarına minnətdarlığını bildirərək həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollarından bəhs etdi, V.Şeksprin “Hamlet” əsərindən Hamletin monoloqunu ifa etdi. Daha sonra çıxış edən Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Firudin Məhərrəmov Azərbaycan kinosunda və Sumqayıtın teatr tarixində Valeh Kərimovun danılmaz xidmətlərindən danışdı. Valeh Kərimovun kino sənətində debütü sayılan “Bəxt üzüyü” kinofilmindən bir parça seyr edildikdən sonra tədbir şagirdlərin Xalq artistinə ünvanladığı suallarla davam etdi. Sonra 16 saylı məktəbin dil-ədəbiyyat müəlliməsi Mənsurə Əliyeva çıxış edərək Valeh müəllimi sevə-sevə izlədiyini, həm teatr səhnəsində, həm də kino ekranlarında oynadığı rollardan danışaraq ona həyat və fəaliyyətində uğurlar arzuladı. Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış, yüksək sənətkarlığı ilə Azərbaycan kinosu tarixində xüsusi yer tutan Valeh Kərimovun oynadığı unudulmaz rollardan danışdı. Sonda multimedia mütəxəssisi Səbinə Qasımova Valeh Kərimov və Firudin Məhərrəmova, müəllimlərə və şagirdlərə təşəkkürünü bildirərək bu cür dəyərli sənətkarları hər zaman yad etməyi, mənəvi tərbiyəmiz olan kino və teatrlara üz tutmağı şagirdlərə tövsiyə etdi. Sonda dəyərli sənətkarlarla xatirə şəkilləri çəkdirildi.