SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

13.06.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoqu Mehdi Məmmədovun 100 illik yubileyi münasibətilə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə “Teatr tariximizin korifey sənətkarı” adlı xatirə gecəsi keçirildi. Multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycanın teatr tarixinə parlaq səhifələr yazmış nadir istedada malik rejissor Mehdi Məmmədovun həyat və yaradıcılığı, pedaqoji sahədəki uzunmüddətli dolğun fəaliyyəti haqqında məlumat verdi. Sonra çıxış edən Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Firudin Məhərrəmov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətləri, görkəmli sənətkarın quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr haqqında, eləcə də dahi sənətkarın sonuncu tələbəsi kimi onunla bağlı xoş xatirələrindən danışdı. Əməkdar artist Nizaməddin Bağırov Mehdi Məmmədovun Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin müxtəlif teatrlarında quruluş verdiyi təkrarolunmaz tamaşaları, rolları, kinoda canlandırdığı obrazlardan söhbət açdı. Nizaməddin Bağırov Hüseyn Cavidin “İblis” faciəsindən “Arifin monoloqu”nu və V.Şeksprin “Hamlet” əsərindən “Hamletin monoloqu”nu söylədi. Sonda tədbir iştirakçıları səhnə sənətinə aktyorluqla başlamış Mehdi Məmmədovun keşməkeşli həyat və çoxcəhətli yaradıcılığından bəhs edən videoçarxı izlədilər.