SumgaitLibrary

+994 186520087


“Yarım qalmış hekayələr”

19.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında 71 nömrəli “Heyran” körpələr evi-uşaq bağçasının məktəbəqədər qrupunun şagird və müəllim heyətinin iştirakı ilə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan “Yarım qalmış hekayələr” adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza elan olunmayan təcavüzü, hərbi birləşmələrin törətdikləri vəhşiliklər zamanı ömürlərinin fidan çağında amansız düşmən gülləsinə tuş gələn 13 yaşlı Larisa Məmmədova və İlqar İbrahimov haqqında məlumat verib, G.İbrahimovanın 20 Yanvar hadisələri zamanı şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs edən “İlham və Fərizənin nağılı” kitabından bir parça oxuyub. Uşaqlar üçün “Balaca bala” YouTube kanalının 20 Yanvar reallıqlarına həsr edilən “Qanlı gecə” və “Şəhidlər Xiyabanı” şeirləri əsasında hazırladığı videoçarx izlənilib, sonra uşaqlar mövzu ilə bağlı şeirlər söyləyiblər.