SumgaitLibrary

+994 186520087


Anım günü

18.04.2016-cı il tarixində Mərkəzi uşaq kitabxanasının əməkdaşları 2-4 aprel tarixində Azərbaycan və Ermənistan qoşunlarının təmas xətdində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş sumqayıtlı şəhid Əbdülməcid Axundovun əziz xatirəsini əbədiləşdirən "Vətən üçün öləni yaşadacaq Vətənim" adlı anım tədbirini şəhidin təhsil aldığı 16 saylı tam orta məktəbdə keçirdi. Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Məmmədli 2-4 aprel tarixində düşmənin son təxribatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar, ordumuzun inamlı qələbəsi, Vətən, torpaq, yurd sevgisi haqqında söhbət açdı. Bu döyüşlərdə mərdlik göstərərək qəhrəmancasına həlak olmuş sumqayıtlı şəhidlər haqqında məlumat verdi. Sonra o, bu döyüşlərdə xüsusi mərdlik göstərərək həlak olmuş Əbdülməcid Axundovun qısa, lakin şərəfli həyat yolu haqqında danışdı. Sonra söz vaxtilə Əbdülməcid Axundovun əyləşdiyi, indi isə onun əsgər formasında çəkilmiş şəkilləri, tər güllər ilə bəzədilmiş partasında oturmuş atası Nadirşah Axundova verildi. O, Əbdülməcidin uşaqlıq və yeniyetməlik dövrü haqqında xatirələrindən, onun Milli Qəhrəman Mübariz İbrahimov kimi şəhid olmaq arzusundan söhbət açdı. Son söz olaraq çıxış edən Leyla Məmmədli üzünü şəhid atasına tutaraq söylədi ki, başını dik tut şəhid atası! Sizin oğlunuz ölməyib. O, cismən bizim yanımızda olmasa da, ruhən hər zaman qəlbimizdədir. O, ölümü ilə ölümsüzlüyü qazanaraq adını tarixə yazdı. Ümidvarıq ki, Azərbaycanın işğal altında olan bütün əraziləri tezliklə azad ediləcək, üçrəngli bayrağımız bütün Qarabağda dalğalanacaq. Şəhidlərin qanı yerdə qalmayacaq. Qarabağı azad etmək indi həm də bu igidlərin ölməz ruhu qarşısında tarixi borcumuzdur. Axı bu Vətən bizə artıq həm də onların əmanətidir. Sonda bu məktəbin Qarabağ uğrunda döyüşlərdə 8-ci şəhidi olan Əbdülməcid Axundovun adının əbədiləşdirilməsi üçün foyedə təşkil olunmuş guşənin qarşısında çıxış edən məktəbin direktoru Niyaz Süleymanov da şəhid haqqında xatirələrini bölüşdü və bildirdi ki, vətən, ana torpaq uğrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur. Belə oğulların keçdiyi döyüş yolu, həyatı bütün gənclər üçün nümunədir. Sonra o, kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirərək, keçirilən belə tədbirlərin tarixi əhəmiyyət daşıdığını, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını, yüksək vətəndaşlıq, namus, qeyrət, çətin anda cəsarət, əyilməzlik, döyüşkənlik, məğrurluq hissi aşıladığını bildirdi.