SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

21.01.2023-cü il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda oxucuların iştirakı ilə 21 yanvar 2023-cü il tarixində görkəmli ictimai xadim, Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından biri Həmidə xanım Cavanşirin anadan olmasının 150 illik yubileyi münasibətilə “Böyük xeyriyyəçi və maarifpərvər xanım” adlı ədəbiyyat saatı keçirilib. Kitabxananın böyük multimedia mütəxəssisi Şərəf Əliyeva Həmidə xanımın zəngin həyat, maarifçilik və xeyriyyəçilik fəaliyyətindən danışıb. Məlumat verib ki, Həmidə xanım Cavanşir 1873-cü ilin yanvarında Şuşa qəzasının Kəhrizli kəndində, zəmanəsinin görkəmli ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Əhməd bəy Qarabağ xanı Pənahəli xan Cavanşirin nəticəsidir.Qeyd olunub ki, 1907-ci ildə Həmidə xanım Mirzə Cəlillə ailə qurmuş və ədibin ömrünün sonunadək çətin və kəşməkəşli həyat yollarında həmişə ona dayaq olub. Həmidə xanım Kəhrizli kəndində kəhriz vurdurub, toxuculuq emalatxanası, məktəb açıb və burada dərsdeyib. O, yoluxucu xəstəliklərə qarşı peyvənd etməyi, həmçinin həmin xəstəliklərə tutulanlara yardım göstərməyi öyrənərək kəndliləri müalicə edib. Böyük xeyriyyəçi kimi yaddaşlara həkk olunan Həmidə xanım təkcə Kəhrizlinin deyil, ətraf kəndlərdən də kömək üçün pənah gətirən insanların əlindən tutub, o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Həmidə xanım Cavanşir Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və sədr müavini olub. Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, Azərbaycanın ziyalı kişiləri ilə yanaşı, maarifpərvər qadınları da xalqımızın savadlanması və milli məfkurənin oyanması üçün əvəzsiz xidmətlər göstəriblər. Azərbaycançılığın inkişafına və təbliğinə öz töhfəsini verən bu cür vətənpərvər qadınlarımızdan biri də dövrünün görkəmli ictimai xadimi, ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir olub. Vurğulanıb ki, Həmidə xanım Cavanşir Azərbaycan maarifinin, mədəniyyətinin, ziyalılığının ləyaqətli təmsilçisi olaraq tarixdə yaşayacaq. Çünki onun əməlləri xalqımızı işıqlı günlərə çıxarmaqla bağlı olub.