SumgaitLibrary

+994 186520087


Səhərcik

02.03.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında “2024: Yaşıl dünya naminə həmrəylik ili” və 3 mart Ümumdünya Vəhşi Təbiət Günü münasibətilə Nako Edu Klub Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Təbəti sevək və qoruyaq” adlı səhərcik keçirilmişdir. Tədbir məktəbəqədər uşaqlarda ekoloji biliklərin, ekoloji mədəniyyətin,təbiətə, ətraf mühitə humanist münasibətin, vətənin hər qarış torpağı üçün məsuliyyət hissi formalaşdırmaq, onlarda insan və təbiət arasındakı ayrılmaz əlaqə haqqında təsəvvür yaratmaq, təbiətdə düzgün davranış normalarını aşılamaq məqsədilə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Səbinə Qasımova ilk olaraq uşaqlara bu günün təsis tarixi, gözəl Vətənimiz, ölkəmizin zəngin təbiəti, sərvətləri, canlılar aləmi haqqında qısa məlumat vermiş, “Ana təbiətin uşaqlara məktubu”nu oxumuş, təbiəti və onun sərvətlərini  qorumaqdan, canlılar aləminə qayğı göstərməkdən bəhs edən atalar sözləri, bayatılar söyləmişdir. Kitabxana əməkdaşlarının “Alma” nağılı əsasında hazırladıqları kukla tamaşasından sonra iştirakçılar təbiətdə davranış qaydalarından bəhs edən məlumatlandırma xarakterli videoçarxları izləmişlər. Sonra tədbir Nako Edu Klub Tədris Mərkəzinin məktəbəqədər qrupunun rəngarəng proqramı ilə davam etmişdir. Körpə fidanlar ifa etdikləri şən mahnılarla, rəqslərlə,söylədikləri şeirlərlə, təqdim etdikləri səhnəciklərlə, həmçinin ölkəmizin sərvətlərinin, havanın, suyun təmiz saxlanması üçün həmyaşıdlarına etdikləri çağırışlarla təbiətə olan sonsuz sevgilərini nümayiş etdirmişlər. Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva, Nako Edu Klub Tədris Mərkəzinin direktoru Nargilə Bədəlova, müəllimə Arzu Nəbiyeva ətraf mühitin qorunmasını, doğma təbiətə qayğı, məhəbbət hissinin bəslənməsini, sağlam gələcək, sağlam mühit, mənzərəli təbiətə malik ölkə qurmasını cəmiyyətdə hər bir şəxsin əsas vəzifə və borcu olduğunu bildirmişlər.