SumgaitLibrary

+994 186520087


Xatirə günü

04.04.24-cü il tarixində Gənclər kitabxanasında 18 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Aprel döyüşlərinin 8-ci ildönümü münasibətilə “Zəfərə gedən yol” adlı xatirə günü keçirildi.Tədbirin əvvəlində vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbirin aparıcısı kitabxananın böyük mütəxəssisi Rəhilə Bağırova çıxış edərək qeyd etdi ki, Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Sonra aprel döyüşləri, eləcə də Aprel döyüşləri qəhrəmanları haqqında kitab və dövri mətbuat materiallarının əks olunduğu “Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı” adlı sərgi-guşə haqqında məlumat verdi. Tədbir aprel döyüşlərinə həsr olunmuş videoçarxın nümayişi ilə davam etdi. Sonra Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova çıxış edərək qeyd etdi ki, Aprel döyüşləri Zəfərə aparan yolun başlanğıcıdır. Aprel müharibəsi və ya Dördgünlük müharibənin baş vermə səbəbləri və nəticələri haqqında tarixi faktları şagirdlərin diqqətinə çatdırdı. Aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyev,polkovnik-leytenent Raquf Orucov, Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurov, Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun şərəfli ömür yolu haqqında şagirdlərə ətraflı məlumatlar verdi. Milli Qəhrəman Murad Mirzəyev və Polkovnik-leytenant Raquf Orucova həsr olunmuş videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbir şagirdlərinin vətənə,qəhrəmanlara həsr olunmuş şeir ifaları ilə davam etdi. Sonda 18 saylı tam orta məktəbin kitabxana müdiri Rəfiqə Cavadova çıxış edərək bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvər ruhda yetişməsinə, tariximizi, tarixi qəhrəmanlarımızı tanıyıb unutmamasına müsbət təsir göstərdiyini vurğulayaraq tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkür etdi.